şənbə 15 avqust 2026 - 12:20
“İslam düşüncəsinin hərtərəfli sistemi” layihəsi “qabaqcıl və nümunəvi Elmi hövzə”yə doğru addımdır

Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi vurğulayıb ki, İnqilabın iki rəhbəri İslamın canlı, həyatverici və hərəkətverici təfsirini təqdim ediblər. O, “İslam düşüncəsinin hərtərəfli sistemi” layihəsini sivilizasiya və inqilab yanaşması əsasında “qabaqcıl və nümunəvi Elmi hövzə”yə nail olmaq üçün mühüm layihə kimi qiymətləndirib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi “İslamın hərtərəfli düşüncə və ictimai həyat sistemi” layihəsi üzrə keçirilən təlim kursuna müraciət ünvanlayıb. Müraciətin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Peyğəmbərlərin və övliyaların, xüsusilə sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafanın (s) və onun sonuncu vəsinin – İmam Məhdinin (ə.f) pak ruhlarına, eləcədə mərhum İmam Xomeyni (r.ə), İslam, İslam İnqilabı, müharibə və Ramazan ayında baş vermiş müharibənin böyük şəhidlərinin, xüsusilə şəhid Ayətullah Xameneinin (r) pak ruhuna salam və salavat göndərərək, müqəddəs Məşhəd şəhərində, Həzrət İmam Rzanın (ə) mübarək hərəmi və müqəddəs məqbərəsi yaxınlığında keçirilən İslam düşüncəsinin hərtərəfli sistemi üzrə təkmilləşdirmə kursunda iştirak edən möhtərəm müəllimlərə, alimlərə və həmçinin əziz tələbələrə, eləcə də bu kursun təşkilatçılarına və Elmi Hövzələrin Tərbiyə və Mənəvi Saflaşdırma üzrə hörmətli müavinliyinə dərin salamlarımı və sonsuz təşəkkürlərimi çatdırıram.

Arzu edərdim ki, həzrət İmam Rzanın (ə) ziyarətinə və həmçinin şəhid Ayətullah Xameneinin (r) müqəddəs məzarına gedərək, yaxından ehtiramımı, hörmətimi, minnətdarlığımı və təşəkkürümü bildirə bilim. Lakin qarşıya çıxan maneələr bu fürsətdən istifadə etməyimə imkan verməyib.

Fürsətdən istifadə edərək xatırlatmaq istəyirəm ki, Elmi hövzənin “Qabaqcıl və nümunəvi hövzə” istiqamətində inkişafı, yetkinləşməsi və yüksəlişi məqsədilə hazırlanan islahat xarakterli sənədlər, layihələr və proqramlar sistemində “İslam düşüncəsinin hərtərəfli sistemi” layihəsi mühüm mövqeyə malikdir.

Bu layihənin məqsədi, xüsusilə təhsilinin orta səviyyəsində olan əziz tələbələrin müasir Elmi hövzənin görkəmli mütəfəkkirlərinin və İnqilabın iki rəhbərinin baxışları əsasında, sivilizasiya və inqilab yanaşması ilə İslam düşüncəsinin hərtərəfli sistemi, eləcə də dini və inqilabi maarifin ümumi bilik ağacı ilə tanış edilməsidir.

Tələbədə, müəllimdə və din alimində belə hərtərəfli, sivilizasiya yönümlü və həyatverici baxışın olmaması və ya zəifliyi ciddi bir problemdir və buna laqeyd yanaşmaq olmaz. Bu çatışmazlığın aradan qaldırılması və mövcud boşluğun doldurulması məhz bu layihə, “Vilayət” layihəsi və şəhid Mürtəza Mütəhhərinin (r) əsərlərinin mütaliəsi layihəsi kimi proqramların qarşıya qoyduğu məqsədlərdəndir.

Həqiqət budur ki, biz daim əziz İslam dini, böyük Peyğəmbərin (s) və onun pak Əhli-beytinin (ə) uca maarifi barədə natamam təfsirlərlə, məhdud oxunuşlarla, sivilizasiya yönümlü olmayan yanaşmalarla, parçalı və məhdud baxışlarla qarşılaşmışıq.

Lakin müasir dövrdə mərhum İmam Xomeyni (r), şəhid Ayətullah Xamenei (r), Əllamə Təbatəbai (r), şəhid Məhəmməd Baqir Sədr (r), eləcədə onların görkəmli şagirdləri və həmçinin Elmi hövzənin böyük alimləri hərtərəfli və sivilizasiya yönümlü yanaşma ilə əziz İslam dini haqqında canlı, həyatverici və hərəkətə gətirən bir təfsir təqdim etdilər.

Bu düşüncə praktik müstəvidə möhtəşəm İslam İnqilabında öz təcəssümünü tapdı, yeni bir dünya yaratdı. Allahın lütfü ilə böyük rəhbərliyin, böyük mərcələrin, mütəfəkkirlərin və Elmi hövzənin böyük şəxsiyyətlərinin rəhbərliyi ilə bu maarifçilik hərəkatının sədası İranda və dünyada davam edəcəkdir.

Sonda möhtərəm ruhanilərdən və Elmi hövzə nümayəndələrindən, xüsusilə gənc alim və tələbələrdən – Elmi hövzənin və İslam İnqilabının gələcək sərmayələrindən – belə strateji məsələlərə, islahat xarakterli layihələrə, “İslam düşüncəsinin hərtərəfli sistemi” layihəsinə, eləcə də maarif və bəsirətin inkişafına diqqət və qayğı göstərmələrini xahiş edirəm.

Bütün bunlarla yanaşı, meydandakı fəaliyyət, mədəni, ictimai, təbliğat və ictimai proseslərdə yaxından iştirak da diqqətdən kənarda qalmamalıdır.

Uca Allahdan sizin və bütün əzizlərin bu mənəvi yolda və çətin istiqamətdə uğur qazanmasını diləyirəm. Səmimi təşəkkürümü bildirir, sizin üçün dua edir və müvəffəqiyyətlər arzu edərdim. Ümid edirəm ki, həzrət İmam Rzanın (ə) və həzrət İmam Zamanın (ə.f) xüsusi diqqətinə nail olasınız.

“Son duamız aləmlərin Rəbbi olan Allaha həmd etməkdir.”

Elmi hövzələrin rektoru 

Əlirza Ərafi


Qeyd edək ki, “İslamın hərtərəfli düşüncə və ictimai həyat sistemi” layihəsi üzrə təlim kursu Elmi hövzələrin Tərbiyə və Mənəvi saflaşdırma üzrə müavinliyinin Maarif məsələləri üzrə katibliyinin təşəbbüsü və “Məva” İnstitutunun əməkdaşlığı ilə 20 gün müddətinə Məşhəd şəhərində seçilmiş tələbələrin iştirakı ilə keçirilir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha